Azərbaycanda şərabçılığın tarixinə ekskursiya

Azərbaycan dünyada üzümçülük mədəniyyətinin formalaşma mərkəzlərindən biridir. Çoxsaylı arxeoloji ekspedisiyalar nəticəsində ölkənin bölgələrində üzümün becərilməsi üçün istifadə edilən maddi mədəniyyət abidələri, əmək alətləri aşkarlanır. Hazırda ölkə iqtisadiyyatının inkişafı baxımından üzümçülük və şərabçılıq mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış  “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafı üzrə Dövlət proqramı”nın həyata keçirilməsində də öz əksini tapmışdır.

Şərabçılıq Azərbaycanda

XIX əsrin əvvəllərində ölkəmizə gəlmiş alman kolonistləri – Qumelli qardaşları  Azərbaycanda şərabçılığın inkişafında böyük rol oynadılar. Respublikada şərabçılıq daha sürətli templərlə inkişaf etməyə başladı. Buna Azərbaycanın daxil olduğu Çar Rusiyasında, daha sonra isə Sovet İttifaqında aparılan aqrar islahatlar şərait yaratdı.

İnkişafın zirvəsi

Ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi sayəsində üzümçülüyün və şərabçılığın inkişafı özünün ən böyük zirvəsinə çatdı. Üzümlüklərin ümumi sahəsi 284,1 min ha təşkil edirdi, üzüm istehsalı isə 2 milyon tonu keçmişdi və aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin yaşayış səviyyəsinin yüksəlməsinə şərait yaratmışdı. Azərbaycan şərabları təkcə Sovet İttifaqına daxil olan respublikaların ərazisində deyil, həm də onun hüdudlarından kənarda da layiqincə tanınmışdılar.

Şərabçılığın tənəzzülü

Lakin 1985-ci ildə keçmiş SSRİ-nin rəhbərliyi tərəfindən “Alkoqolizm və sərxoşluqla mübarizə tədbirləri haqqında” səriştəsiz qərarın qəbul edilməsindən sonra respublikamızın iqtisadiyyatının aparıcı sahələrindən olan üzümçülüyə və şərabçılığa böyük ziyan vuruldu. Məhsuldar üzüm plantasiyaları məhv edildi, bir çox illər ərzində böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, plantasiyalarda yetişdirilən qiymətli yerli və introduktiv üzüm sortları yox olmaq təhlükəsi ilə üz-üzə qaldı. Bununla yanaşı, Ermənistanın torpaqlarımıza 1988-ci ildə başlanan təcavüzü nəticəsində 43 min hektar ərazidə üzüm plantasiyaları işğal altında qaldı.

Müassir Azərbaycan

Müstəqilliyin əldə edilməsi ilə bu sahədə müşahidə edilən tənəzzül tədricən aradan qaldırıldı, üzümçülüyə və şərabçılığa diqqət yenidən artırıldı. İldən ilə bu sahə tədricən itirilmiş mövqelərini bərpa edir – yeni üzümlüklər salınır, qabaqcıl texnologiyalar cəlb edilir, şərab istehsalı üzrə yeni zavodlar yaradılır.